Dil: Türkçe

Saytdan Axtar

Emin Sabitoğlu elə bir bəstəkardır ki, onun həyatı daim ədəbiyyat adamlarının, musiqiçilərin əhatəsində keçmişdir. 

2017/11/02 09:28

	Emin Sabitoğlu elə bir bəstəkardır ki, onun həyatı daim ədəbiyyat adamlarının, musiqiçilərin əhatəsində keçmişdir. 

: Filmə həyat verən düha Hər bir istedada, sənətkara onun yaşadığı, böyüdüyü mühitin çox böyük təsiri olur. Emin Sabitoğlu elə bir bəstəkardır ki, onun həyatı daim ədəbiyyat adamlarının, musiqiçilərin əhatəsində keçmişdir. Atasının sayəsində bir çox şair və yazıçıları daha uşaq yaşda tanımış, onların yaradıcılıqlarını o yaşlardan dərk etməyə başlamışdır. Bu təbii ki, gələcəkdə onun da yaradıcılığına öz müsbət təsirini göstərmişdir. Gözəl musiqi duyumuna və qabiliyyətinə malik bəstəkar Emin Sabitoğlu Azərbaycan kinofilminə böyük töhfələr vermiş, onu hər cəhətdən zənginləşdirmişdir. Film çox gözəl olsa da, mənim fikrimcə, musiqisiz heç nədir. Deməli, Emin bəy kinofilmə musiqi bəstələyərkən onu sadəcə zənginləşdirmir, həmçinin onun bir çox çatışmayan cəhətlərini tamamlayır. Bəstəkar 40-a yaxın kinofilmə musiqi bəstələyib. "Ad günü", "Bizim Cəbiş müəllim", "Bəyin oğurlanması", "Həm ziyarət, həm ticarət", "Təhminə və Zaur", "Baladadaşın ilk məhəbbəti", "Dədə Qorqud", "Ölsəm bağışla", "Gün keçdi", "İstintaq", "Park" kimi kinofilmlərə yazdığı musiqilərdə bəstəkarın dəst-xətti bütün gözəlliyi ilə seçilir. Hər noyabr ayının 2-si bəstəkar Emin Sabitoğlunun doğum günü qeyd olunur. Elə isə gəlin, bəstəkarın ömür filminin epizodlarına nəzər yetirək. Emin Sabit oğlu Mahmudov 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı-dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açmışdır. Ailədə özündən başqa iki bacısı da olan Emin bəy ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki onillik orta ixtisas musiqi məktəbinin fortepiano sinfində almışdır.İlk bəstələri 7-ci sinifdə-Midhət Əhmədovun uşaq yaradıcılığı sinfində oxuyarkən yaranan Emin bəy daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə-Qara Qarayevin sinfinə daxil olur. İki ildən sonra P.İ.Çaykovski adına Moskva Konservatoriyasında təhsilini davam etdirərək görkəmli rus bəstəkarı, professor Y.Şaporinin sinfini müvəffəqiyyətlə bitirir. Sabit Rəhman kimi görkəmli dramaturqun ailəsində böyümək, evlərində daim görkəmli yazıçı və şairləri görmək Emin bəyin bir insan və sənətkar kimi formalaşmasında mühüm rol oynamışdır. Emin Sabitoğlunun yaradıcılıq dövrü 40 ildən artıq davam etmişdir. O bu yaradıcılıq dövründə musiqinin müxtəlif janrlarında öz bacarığını sınamışdır. Lakin bəstəkarın mahnı, musiqili komediya, kino və teatr musiqisi sahələrindəki yaradıcılığı daha gözəçarpandır. Bəstəkar 600-dən artıq mahnının müəllifidir. Digər bəstəkarlardan fərqli olaraq Emin bəy heç vaxt sözləri mahnıya görə təhrif etmirdi. Əksinə, o şeirin bütün gözəlliyini musiqinin vasitəsilə daha da ön plan çıxarırdı. Onun mahnıları Şövkət Ələkbərova, Rəşid Behbudov, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Akif İslamzadə, Anatollu Qəniyev, Azər Zeynalov, Xədicə Abbasova kimi sənətkarların repertuarlarında aparıcı yer tutub. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları onun çoxsaylı mahnılarından bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, onların sayını söyləmək qeyri-mümkündür. Bəstəkar yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olur. Uzun illər Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasında çalışan Emin bəy müəllimlikdən professorluğa qədər yüksəlir. Emin bəy 1994-cü ildən ömrünün sonunadək Türkiyədə pedaqoji fəaliyyətini davam etdirir. O, ömrünün son 6 ilini İstanbul Texniki Universitetinin "Türk xalq musiqisi" şöbəsində çalışaraq başa vurur. Bəstəkarla bağlı xatirələrdə onun sakit və qapalı, eyni zamanda qayğıkeş və çalışqan insan olduğu deyilir. Bəstəkarın qızı Ceyran Mahmudovanın da musiqişünas olması təsadüfi deyil. Ceyran xanım da etiraf edir ki, insanın böyüdüyü mühitin onun formalaşmasında çox böyük rolu var. Ceyran xanım öz müsahibəsində bildirmişdi ki, atasının sayəsində ən gözəl musiqi sədalarını kiçik yaşlarından dinləmişdir: "Xüsusən Üzeyir bəyin musiqisi evimizdən əskik olmurdu. Atamın çevrəsi ədəbiyyat adamlarından ibarət idi. Evimizdə daim yeni bədii əsərin müzakirəsi gedirdi. Evdə babam Sabit Rəhmandan qalan çox zəngin kitabxanamız var idi. Atam bu kitabxananı daim zənginləşdirirdi. Şairlər də öz kitablarını tez-tez atama bağışlayırdılar ki, bəlkə hansısa mahnısını yazanda onun diqqətini cəlb edə. Əlinin altında nə olsaydı, notları onun üstünə qeyd edirdi. Hər dəfə də mahnı hazır olandan sonra bizim üçün çalırdı. Deyirdi, qulaq asın, görün, hansısa başqa mahnıya oxşamır ki? Bu onun üçün prinsipial məsələ idi- heç kimə bənzəməmək..." Qeyd etdiyim kimi, Emin Sabitoğlu 40-a yaxın Azərbaycan kinofilminə musiqi bəstələmişdir. Lakin onların arasında elələri də vardır ki, onlar bu gün də çox maraqla, hətta dəfələrlə izlənir. "Bizim Cəbiş müəllim", "Təhminə və Zaur", "Bəyin oğurlanması" məhz belə filmlərdəndir. Bu o deməkdir ki, illər keçsə də, Emin Sabitoğlu unudulmur, onun təsvirolunmaz sevgi ilə yazdığı əsərləri  daim dinlənilib və dinləniləcək.

 Xalidə Allahverdiyeva  




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR