Dil: Türkçe

Saytdan Axtar

“Hakimiyyətin daxilində girov vəziyyətində olan məmurlar var” - MÜSAHİBƏ

2017/12/06 01:47

	“Hakimiyyətin daxilində girov vəziyyətində olan məmurlar var” - MÜSAHİBƏ

Əli Əliyev: “Hesab edirəm ki, hakimiyyətdaxili Rusiya müqaviməti qırılsa, Mehriban xanım YAP-dan ciddi namizəd olacaq”

2018-ci ildə Azərbaycanda keçirilməsi gözlənilən prezident seçkisinə 1 ildən də az vaxt qalır. Hələ aylar öncədən hakim Yeni Azərbaycan Partiyası (YAP) öz namizədini elan etsə də, müxalif düşərgədə ölü sükut hökm sürür. Partiyaların böyük əksəriyyəti namizədlərini elan etmək bir yana, ümumiyyətlə fəaliyyətsiz durumdadırlar. Halbuki, ötən prezident seçkiləri ərəfəsində müxtəlif bloklar yaradılar və fərqli namizədlər elan olunardı. Bəs nə baş verib ki, hazırda ölkədə müxalifətin varlığı gözə dəymir?
Bu və ya digər suallara Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə müsahibəmizdə cavab tapmağa çalışdıq.
(Əvvəli bu linkdə: http://muxalifet.az/rusiya-azrbaycana-qosun-yeritmk-istyind-israrli-gorunur-musahib.html)
- Belə demək olar ki, bu gün Azərbaycan uğrunda Rusiya və Qərbin savaşı gedir və hər şey o savaşın nəticəsindən asılı olacaq?
- Qərb Azərbaycanla bağlı mövqelərini elə də fəal nümayiş etdirmir. Qərb Azərbaycan məsələsində hələlik susmağa üstünlük verir. Noyabrın 24-də Avropa Birliyində keçirilən görüş bir sıra məsələlərə aydınlıq gətirdi. Azərbaycan GUÖAM ölkələrindən xeyli məsafələnib. Nəzərə alın ki, Moldova, Ukrayna, Gürcüstan öz ərazi bütövlüklərinin Avropa dövlətləri tərəfindən tanınması müqabilində Avropaya inteqrasiya xəttini seçiblər. Avropa Birliyi bu üç dövlətin ərazi bütövlüyünü tanıyır. Və artıq həmin dövlətlərin Avropaya vizasız gediş-gəliş məsələləri öz həllini tapıb, şengen müqaviləsinə qoşulublar. Azərbaycan isə çox səhv olaraq, təxminən 6-7 il qabaq hakimiyyəti qoruyub saxlamaq, bir qrupun siyasi maraqlarının təminatı üçün hətta Dağlıq Qarabağ məsələsindəki kimi, üstünlük amilini nəzərə almadan, ölkədaxili siyasi islahatlara getməməklə, Avropa Birliyindən məsafələnib.
Rusiyanın Putin səviyyəsində Azərbaycana şərt irəli sürməsi haqqında mətbuatda yazılan yazılardan da açıq görsənən odur ki, “Moskva 5 rayon müqabilində Azərbaycanın dövlət müstəqilliyini tələb edir” kimi bir mövqenin şahidiyik. Bu, çox təəssüf doğurur. Və mən Rusiyanı Azərbaycan ətrafında hərəkətlənmənin içərisində xüsusi qeyd etmək istəyirəm. Hətta son hadisələrdə İranın da fəallığını kifayət qədər yüksək görürəm. Məsələn, aşura tədbirlərinin çox yüksək səviyyədə keçirilməsi İranın ideoloji dayaqlarının Azərbaycanda nə qədər güclü olmasına işarədir. Əlbəttə, bitərəf, liberal, kosmopolit gənclikdənsə, ideologiyası olan gəncliyin tərəfdarıyam. Aşura mərasimi məni qorxutmur. Mən sevinirəm ki, Azərbaycan gəncliyinin bir qismi ilahi əqidəyə bağlıdır. Ancaq aşura hadisəsi bir daha göstərdi ki, Azərbaycanda dini müxalifət nə qədər ciddi təşkilatlanıb, onların siyasi iradəsi nə qədər güclü olub. Dini-siyasi kəsmin də Cənub qonşumuzla bağlı olduğu, ən azı mənəvi bağlı olduğu heç kəsə sirr deyil. Mən bu fonda Türkiyə və Qərbin mövqelərinin zəiflədiyinin şahidiyəm.
- Qeyd etdiniz ki, hakimiyyət daxilindəki qarşıdurma nəticəsində müxalifətə meyllilik ola bilər. Bu halda Siz VİP olaraq hansı mövqeni tutardınız?
- Biz 2013-cü ildə öz mövqeyimizi nümayiş etdirmişik. Bizim üçün şəxsi mənfəət heç bir halda dövlət maraqlarını, bizim siyasi davranışımızı üstələmir. Belə ki, 2013-cü ildə hamı ağız şirinliyi ilə, həvəslə Rusiyanın burdakı layihəsinə qoşuldu. Amma mən o vaxt da demişəm, indi də deyirəm, Moskvadan təyin olunacaq, hətta daha çox müxalif gördüyüm, layiqli bildiyim prezidentdənsə, şəxsən mənim üçün İlham Əliyev daha yaxşıdır. Çünki Kremlin nümayəndəsi Rüstəm İbrahimbəyov sonunda yenə də Rusiyanın istəklərini həyata keçirmək zorunda qalacaq. Amma düz, yaxud yalan, qanuni, yaxud qeyri-qanuni Azərbaycanın siyasi hakimiyyətini təmsil edən İlham Əliyev bizim üçün daha məqbuldur, nəinki Rusiyanın bura göndərdiyi vassal. Əgər biz o vassalın gəlişini 2018-ci ildə də hiss etsək, mən yenə də bu cərəyana qarşı olacam və bu cərəyanı dövlətimiz üçün təhlükə hesab edəcəm. 2013-cü ildə də belə olub, 2018-də də belə ola bilər və gələcəkdə də bizim prinsipimiz xarici dövlətlərin vassalına qarşı çıxmaqdır. O, Qərbdən də, Şimaldan da, Cənubdan da gələ bilər, fərq etmir, bizə Azərbaycan xalqının özünün iradəsi ilə formalaşan hakimiyyət lazımdır. Mən demirəm ki, YAP Azərbaycan xalqının iradəsi ilə formalaşıb. Amma bu hakimiyyət nə qədər Qərbdən, Rusiyadan, Cənubdan dəstəklənsə də, bunun bir xalqdan asılı məqamı var. Ola bilər zahirəndir, real deyil, amma bu hakimiyyət sonunda bu xalqa söykənmək məcburiyyətində qalmaq zorundadır. Biz hesab edirik ki, o zaman kənardan gətiriləcək hər hansı “paraşütçü”dənsə, ölkədə hələlik xalqla müəyyən mənada hesablaşan hakimiyyətin qalması daha məqsəduyğundur. Əgər biz yenə də “paraşütçü”nün gəlişini gözləyəcəyiksə, mən onun göydə vurulmasının tərəfdarıyam.
- Amma bu gün söhbət heç də kənardan gətirilən hansısa “paraşütçü”dən deyil, hakimiyyət daxilində Rusiyapərəst və Qərbmeylli qüvvələrin öz namzidələrini təsdiqlətmək üğrunda mübarizədən gedir. Belə aydın olur ki, siz mövcud sistemin qalmasının tərəfdarısınız...
- Xeyr. Görünür, mən fikrimi düz izah edə bilmədim. Mənim bu seçki ilə bağlı yanaşmam belədir: birinci, biz müxalifət olaraq təşkilatlanıb, yeganə güc mənbəyimiz, resursumuz olan xalqın postensialından istifadə etməyi bacarmalıyıq. Bizim yeganə istinad edəcəyimizi siyasi kapital xalqın fəal mövqeyidir. Buna nail olmaq üçün müxalifətdaxili inteqrasiya prosesləri gücləndirilməlidir. Müxalifət bugünkü apatik vəziyyətdən çıxmalı, ətalətdən qurtulmalıdır. Hesab edirəm ki, əgər biz buna nail olarıqsa, hakimiyyətin daxilindəki yıpranmanı da dərinləşdirə, beynəlxalq ictimaiyyətin diqqətini də müsbət mənada Azərbaycana cəlb edə bilərik. Ən vacibi isə xalqı meydanlara gətirməklə, bu hakimiyyətin getməsinə nail ola bilərik. Bu, bizim birinci dərəcəli vəzifəmizdir.
Son kütləvi tədbirlərlə bağlı daxili işlər naziri Ramil Usubovun çox maraqlı bir açıqlaması oldu. “Meydana 50 min adam gəlsəydi, biz onları dağıda bilməzdik” kimi maraqlı bir bəyanat verdi. Bu, bir daha göstərir ki, hakimiyyətin daxilində də ölkədə müqavimət hərakatının potensialı və gücü çox ciddi müzakirə olunur. Və hakimiyyətin də daxilində girov vəziyyətində olan məmurlar var. Milyardlar toplayıblar, bu pulları xərcləmək üçün bu oyundan çıxamalıdırlar və yolunu axtarırlar. Mən əminəm ki, biz xalqı meydanlara çıxara biləriksə, o prosesin gedişində hakimiyyətin daxilindən çox ciddi dəstək ala bilərik. Maliyyə resurslarından olan çətinliklərimizin də yerini doldura, beynəlxalq ictimaiyyətin də müsbət diqqətini özümüzə cəlb edə bilərik. Bunu edə bilməsək, buna nail ola bilməsək, mən birmənalı şəkildə o variantın üzərində dururam ki, ölkənin müqəddəratı hakimiyyətin daxilindəki iki namizədin arasındakı seçimlə müəyyənləşəcək.
Mən sizə deyim ki, 2013-cü ildə Rusiyanın namizədinin əleyhinə olaraq VİP Milli Şuraya, onun siyasətinə qarşı uzun müddət , təxminən aprel, may, iyun, iyul aylarına qədər təkbaşına mübarizə aparıb. İyul ayından sonra bir qism partiyalar da bizə qoşuldular. Biz bu gün də Rusiyanın bura göndərəcəyi adamı, Rusiyanın Azərbaycanla davranış qaydalarını qəbul etmirik. Bir halda ki, biz Rusiyanın Azərbaycanda olan nümayəndəsini qəbul etmirik, deməli, hakimiyyətin də daxilində Rusiyapərəst qüvvələrin, o cümlədən onların Rusiyapərəst namizədinin də növbəti mərhələdə qalmasının arzusunda deyilik. Çünki, əgər siz hesab edirsinizsə ki, İlham Əliyev Rusiyapərəst namizəddir və ruspərəst qüvvələrin təmsilçisi, maraqlarının ifadəçisidir, biz onun hakimiyyəti dövründə 14 ildir yaşayırıq, artıq İlham Əliyev mənim üçün oxunmuş kitabdır. Əgər mən İlham Əliyevin gəldiyi dövrdə islahatlar, müasir baxışlı bir gəncin Azərbaycana münasibətini, Azərbaycanın Qərbə inteqrasiyasını, Qərb siyasi mədəniyyətinin Azərbayacana gətirilməsini gözləyirdimsə, artıq mənim bu ümidlərim tükənib. Mən daha İlham Əliyevdən heç nə gözləmirəm. Çünki şəxsən mənim üçün, bir siyasətçi olaraq, İlham Əliyevin islahat aparmaq cümləsinin axırına nöqtə qoyulub. Bir halda ki, İlham Əliyev Azərbaycana heç nə verə bilmədi, əksinə onun dövründə 200 milyarda yaxın neft pulu göyə səpələnib, Azərbaycan valyutası 2,5 dəfə devalivasiyaya uğrayıb, dövlət büdcəmiz dollar ekvivalentində yaşadığımız il üçün 3 dəfə aşağı salınıb, Azərbaycan bütün dünyada korrupsiya qalmaqallarının birinci sıralarında yer alıb, bu İlham Əliyevin siyasi məsuliyyətini müəyyən edən hadisələrdir. Mən necə istəyə bilərəm ki, növbəti mərhələdə də İlham Əliyev hakimiyyətdə qalsın?! Əksinə, mən Yeni Azərbaycan Partiyasının daxilindən yeni namizədin ortaya çıxamsının tərəfdarıyam. Burda məsələyə praktik yanaşma, praktik baxış tələb edilir. Bir halda ki, məntiqi nöqteyi-nəzərdən insan praktikasından gördüyümüz kimi 14 il ərzində İlham Əliyev heç bir islahat aparmayıb, ölkəni dövlətdən bir biznes strukturu halına gətirib, əlbəttə, biz onun növbəti dönəmdə hakimiyyətdə olmasının marağında da deyilik. Mən əminəm ki, o, qalarsa, əgər növbəti 7 ildə bir forsmajor hadisəsi baş verməsə, bu bataqlıq yenə də davam edəcək, 80-dən artıq yaşa malik olan məmurlar korpusu yenə də Azərbaycanı idarə edəcək, ətalətli formada saxlayacaq.
Builki büdcəyə diqqət yetirin, görün gələn il üçün nələr nəzərdə tutulub. Biabırçılıqdır. Yenidən Neft Fondundan 9 milyard, təxminən 50 faizdən artıq vəsaiti dövlət büdcəsinə cəlb ediblər. Ötən il 4-5 milyard isə, bu il 9 milyard 100 milyon manata qaldırıblar...
- Sizcə, bu nə ilə bağlıdır?
- Mənim fikrimcə, bu, seçki ilində yenə də rüşvətə xərclənə biləcək, korrupsiyaya cəlb ediləcək vəsaitlərin miqdarının artırılmasıdır. Keçən il büdcəmiz 16 milyard idisə, bu il süni surətdə 20 milyarda qaldırıblar. Belə olduğu halda İlham Əliyevin Azərbaycanda prezidentliyinin davam etməsi artıq ziyanlı hala gəlir və Azərbaycan getdikcə Rusiyadan daha çox asılı olur. Bu, istər ideoloji, istər mədəni, istər iqtisadi sahədə belədir, istər də bizim siyasi asılılığımız artır. Biz Moskvadan, Moskvanın iradəsindən kənar demək olar ki, heç nə edə bilmirik. Xüsusən Qarabağ məsələsində, aprel döyüşlərində bunun şahidi olmuşuq. Belə olduğu halda Azərbaycanda mütləq yeni nəfəsin gəlişinə ehtiyac var. Mən demirəm ki, kim olmasından asılı olmayaraq YAP-ın namizədi gəlib Azərbaycanı çiçəkləndirəcək. Lakin artıq nəzəri baxımdan da olsa, “qara zolaq”dan çıxmaq imkanımız yaranır.
- Sizcə, Moskvanın iradəsindən kənarda olan bir şəxsin Azərbaycanda hakimiyyətə gəlməsi mümkündür?
- Bilirsiniz, Moskva praqmatik siyasət aparır. Əgər Moskva hakimiyyətdaxili müqaviməti dəf edə bilməsə, öz namizədini seçkiyə apara bilməsə, istənilən namizədlə hesablaşmaq və onu qəbul etmək zorunda qalacaq. Xatırladım ki, Mehriban xanım Birinci vitse-prezident təyin olunan günün səhəri “Vesti” telekanalı - Putinin 1-ci televiziya kanalı - ondan 1 saata yaxın müsahibə götürdü. Və o müsahibdə Mehriban xanıma çox incə, Rusiya maraqlarını ifadə edən suallar ünvanlandı. Bu artıq həmin praqmatik yanaşmanın bir əlaməti idi. Birinci mərhələdə onun vitse-prezident olmasına qarşı çıxmaq istəyən Rusiya, Mehriban xanım təyin olunduqdan sonra ondan müsahibə alıb özünə uyğun məqamları rəsmi şəkildə dinlətməyin tərəfdarı kimi çıxış etdi. Mən hesab edirəm ki, hakimiyyətdaxili Rusiya müqaviməti qırılsa, Mehriban xanım YAP-dan ciddi namizəd olacaq və onun İlham Əliyevdən fərqli siyasət yürütmək şansı yaranacaq. Mən bunu müxalifətin məğlubiyyəti halında bizim seçəcəyimiz iki ziyanlı variantdan nisbətən yumşaq ziyanlı variant kimi görürəm.
D.NURİYEV




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR