Dil: Türkçe

Saytdan Axtar

Avropa üçün separatizm bumeranqı

2017/12/04 12:31

	Avropa üçün separatizm bumeranqı

Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına "Böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanıb. 1890-cı ildə "Daşnaksütyun" partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər "yazıq millət" pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atmışlar. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə davam etmişdir. Ümumiyyətlə, Ermənistan SSR-dən deportasiya və etnik təmizləmənin bu mərhələsində yüz min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir. Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, işğal və separatizm siyasətinin intensivliyi bu gün də zəifləməmiş, bədnam qonşularımız təbliğat və qarayaxma kampaniyasını bir az da gücləndirmişlər. Ermənilər Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq "əzabkeş erməni milləti" obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən istifadə edərək əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar.

Erməni separatizmi bütün bəşəriyyətə qarşı böyük təhlükədir. Son illər artıq “insan haqları” müdafiəçisi olan Avropa da separatizmdən əziyyət çəkir. Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun fikrincə, Avropa İttifaqının separatizmə münasibəti Avropa ölkələri üçün bumeranqa çevrilməkdədir. Onun sözlərinə görə, tarixin bir qanunu belədir: Böyüklərin böyük səhvləri özlərinə problemə çevrilir.

Bolqarıstan parlamentinin deputatı, Bolqarıstan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun rəhbəri Stanislav Anastasov deyib ki,  son illər ölkəsində bolqar müsəlmanların təqib edilməsi barədə söz açaraq etiraf edib ki, Bolqarıstan da vətəndaş müharibəsi ərəfəsində olub, amma buna yol verilməyib. Bunu Yuqoslaviya barəsində demək olmaz. “Aİ-nin vəzifəsi təkcə parçalanmanın və separatizmin qarşısını almaq deyil, həm də xalqları birləşdirməkdir. Separatizmin sonu yoxdur”, - deyə Stanislav Anastasov vurğulayıb. O bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərinə icazəsiz getmiş bolqarıstanlı siyasətçi Semyonov da millətçi partiyanın üzvüdür və bu da təəccüblü deyil.

Bir müddət öncə Kataloniya baş verənlər Avropadakı separatizm toxumlarının cücərtisi idi. Ümumiyyətlə, Qərbi Avropada ilk dəfə bu cür separatizm dalğası son bir neçə onillikdə müşahidə edilməmişdi. Əslində çoxlarını da maraqlandıran məhz niyə birdən-birə inkişafın kifayət qədər olduğu və bütün imkanlarla təchiz edilmiş bölgədə separatizm dalğasının başlanması idi. Politoloq İlqar Vəlizadənin fikrincə, Avropa Birliyinin özündə separatçıları dəstəkləyən xüsusi dairələr, qruplar mövcuddur: “Avropa İttifaqında regional siyasət deyilən bir şey tətbiq edilir. Bunu ittifaq daxilində Regionlar Şurası deyilən qurum tətbiq edir. Burada müxtəlif regionlar Aland adaları, Kataloniya və digərləri daxildir. Bu bölgələr Avropa Birliyindən birbaşa subsidiyalar alırlar və bu subsidiyalar milli hökumətlərin heç birinin nəzarətində olmur. Uzun illər Avropa Birliyi bu siyasəti stimullaşdırırdı. Brüssel çalışırdı ki, məhz bu siyasəti sayəsində regionlarda rəğbət qazansın. Bu da milli hökumətlərə qarşı müəyyən qədər təzyiq vasitəsi kimi istifadə edilirdi. Yəni bu muxtariyyət Brüsselin beşinci kolonu kimi istifadə edilməli idi. Katalonlar da prosesə başlayanda buna güvənirdilər. Hesab olunurdu ki, Brüssel proseslər başlayan kimi onları dəstəkləyəcək və əslində istədikləri kimi də oldu. Yəni Brüsseldən çox sərt reaksiya görülmədi. Hətta arada İspaniya sərt vasitələrə əl atdığına görə ittiham da edildi. İspaniyanın addımları Avropada çox böyük rəğbətlə qarşılanmır. Onlar əslində məcburiyyət qarşısında qalıb referendumu tanımadılar. Puçdemon kimi şəxslər hesab edirdi ki, referendumda təzyiqlər çox olmayacaq, referendum baş tutmayacağı halda belə başqa zamana təxirə salınacaq. İspaniyanın isə belə məqamda atdığı addımlar daha qəti oldu. Əslində bunu nə AB, nə də separatçılar gözləyirdilər”.

Bu gün dünya artıq qloballaşıb. Bəşəriyyət III Dünya müharibəsinin astanasındadır. Bu müharibənin hərəkətverici qüvvəsi elə separatizmdir. Separatizmə qarşı mübarizəyə də bütün dünya ayağa qalxmalıdır.

 

Faiq Qardaşov

“Bu yazı “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin elan etdiyi müsabiqəyə təqdim edilir”. 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR