Dil: Türkçe

Saytdan Axtar

Dənizin sahilində doğulmaq, böyümək, sevmək, yaşamaq və ölmək…  

2017/10/23 14:58

	Dənizin sahilində doğulmaq, böyümək, sevmək, yaşamaq və ölmək…

	 

Qəm də, sevinc də dənizin sularında qərq ola bilər.  Dəniz suları kədərini aparar, yox edər, sevincini isə çoxaldıb artırar… Xoşbəxtliyin sonsuzluq qazana bilər …

Hər gün səhər dənizin qoynunda xumarlanan günəşi görə bilərsən, axşamlar isə aydan dənizə uzanan yola baxıb o möcüzəvi  yolun sehrinə qapılarsan.

Dəniz sənə bütün hisslərini doya-doya yaşamağı öyrədər. Axı, o qəzəblənəndə dalğaları ilə buludlara çatır. Sakit olanda dalğalarının həzin səsi ilə qəlbimizin  ən  sakit güşəsinə yol tapır.

Dəniz qədər heç kim sevmir. Sonsuz sərhədləri, böyük gücü ilə sevginin qarşısında balacalaşan  “Dəniz”-in saf damlasını,  qəlbi sevgi ilə döyünən hər oğlanın, hər qızın gözündə görmək olar.  Bu dünya sevgi gəmiləri ilə “Dəniz”-ə lövbər salan çox hekayənin, rəvayətin şahidi olub. 

Bütün sevənlər bilir, dəniz sevgililəri hamıdan yaxşı tanıyır. Dalğaları ilə göyləri dələndə də, ləpələrini sahilə sakit vuranda da o sevgi nəğməsi söyləyir…

Sən dənizin günəşi necə qucaqladığını görüb yaşayırsansa, gözünü yummaqdan çəkinmirsən, dəniz bitmir, onun sərhəddi yoxdur. Deməli, həyat da sərhədsizdir, sən ölmürsən.

Dəniz sənin yoxluğunun kədərini sularında batıracaq.  Sənin var olmağının,  böyüməyinin, sevməyinin, yaşamağının sevincini isə öz sularında çoxaldacaq, artıracaq…

Sahilə gələn sevgililərin sevgi sözləri ilə sonsuzluq qazanır varlığın…

Diqqətli qulaq as, dəniz onun sahilində olan hər kəsin adını pıçıldayır dalğalarıyla…

 

seanews.az 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR