Dil: Türkçe

Saytdan Axtar

Hadi Qaraçayın “Barışa inanma, Fərihcəm!” adlı şeir toplusunun təqdimatı keçirilib 

2017/07/31 09:13

	Hadi Qaraçayın “Barışa inanma, Fərihcəm!” adlı şeir toplusunun təqdimatı keçirilib 

AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyi ilə Güney Azərbaycanın tanınmış mühacir şairi Hadi Qaraçayın “Barışa inanma, Fərihcəm!” adlı kitabının təqdimatı keçirilib. Kitabın “Mutluluq Azadlıq heykəlinə tapınmaqdır!” başlıqlı ön sözün yazıb nəşrə hazırlayanı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, o taylı-bu taylı Azərbaycan ədəbiyyatının, xüsusilə də Məhəmmədhüseyn Şəhriyar yaradıcılığının araşdırıcısı, 100-ə yaxın elmi-ədəbi və publisistik məqalənin, 14 kitabın müəllifi, respublikanın və xarici ölkələrin müxtəlif elmi qurumlarının üzvü Esmira Fuaddır. Öncə müəllif haqqında geniş məlumat verən E.Fuad, Hadi Qaraçayı Güney Azərbaycanda və bütün Türk dünyasında tanınıb sevilən şair, milli ruhun daşıyıcısı, modern şeirin ustadı kimi xarakterizə edərək deyib: “Hadi üçün ən önəmlisi ana dilində düşünmək, bu dildə danışmaq və yazmaqdır. Dilimizə, əlifbamıza bu qədər önəm verib üstündə əsməsi, bəlkə də dilin bir xalq kimi varolmanın, millətləşmənin çox mühüm amili olduğunu yaxşı anladığındandır. Bu dil yanıqlısının haqq qənaətincə, İranda türkcə yazmaq və ədəbi əsərlər yaratmaq öz-özlüyündə siyasi fəaliyyətdir. Eyni zamanda siyasi görüş və düşüncələrin ədəbi əsərlərin məzmununa daxil edilməsinin Güneydə bir problem olmadığını da vurğulayan şair əsərlərində siyasi mövzulara toxunmağı pis və ya yaxşı bir hal kimi qabartmır, ancaq siyasi motivi necə işləməyin, ədəbi müstəviyə hansı səviyyədə gətirməyin, hansı söz və kəlimələrlə ifadə etməyin önəmli olduğuna diqqət çəkir. Yaranmış vəziyyətdən çıxış yolunu isə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir türkün anlamaqda çətinlik çəkməyəcəyi ortaq türkcənin yaradılmasında görür”. İsveçdə fəaliyyət göstərən Güney Azərbaycan Konqresi (GAK) başqanı Abdulla Amir Haşimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Cənubi Azərbaycan bölməsinin sədri Sayman Aruz, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Cavanşir Yusifli, Qürbət Mirzəzadə, Aygün Bağırlı, Folklor İnstitutunun elmi işçisi Qumru Şəhriyar, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi Sakibə Ələsgərova, şairlərdən Zəkulla Bayram, Mənzər Niyarlı, Kəmalə Abıyeva müəllif və kitab haqqında düşüncələrini bölüşüb, onu çağdaş dövrün dəyərli qələm sahibi, ağ, modern şeirin ustadı adlandırıblar. Çıxış edənlər Çağdaş Güney Azərbaycan poeziyasını yaradanlardan, ədəbiyyatımızın qüdrətli nümayəndələrindən biri kimi, dərin poetik duyuma, intellektə sahib olan Hadi Qaraçaya gələcək yaradıcılığında uğurlar diləyiblər. Sonda “Barışa inanma, Fərihcəm!” adlı kitabında toplanmış şeirlərin müəllifi Hadi Qaraçay çıxış edib. O, doğma vətənin gələcəyi ilə bağlı nikbin düşüncələrini səsləndirib, kitabın ərsəyə gəlməsində əməyi keçən E.Fuada və tədbirdə iştirak edən alimlərə, poeziyasevərlərə təşəkkürlərini bildirib. Qeyd edək ki, taleyinə mühacirlik həyatı yazılan Hadi Qaraçay 1966-cı ildə Güney Azərbaycanın Suyari kəndində doğulub. İlk və orta təhsilini Ələmdar şəhərində fars dilində alıb. Ali təhsil almaq məqsədi ilə öncə Təbrizə, daha sonra vətənin bu tayına Quzey Azərbaycana üz tutan şair hal-hazırda Norveçin Sandnes şəhərində yaşayır. “Barışa inanma Fərihcəm!” kitabı yaradıcılığını ana vətəninə, ana dilinə, xalqın taleyinə kökləyən müəllifin sayca 4-cü kitabıdır. Kitabda Hadi Qaraçayın “Mənim otuz yaşıma, yurdumun bayraqsız başına şeir”, “And”, “Sürülmüş torpağın nağılı”, “Sonuncu boy”, “Sürgünlük” kimi ən son şeirləri və Azərbaycan tarixinə poetik baxış sərgiləyən “Sonsuzluq” poeması yer alıb.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR