Dil: Türkçe

Saytdan Axtar

“Yehova şahidləri” Qərb üçün hibrid müharibə alətidir... - Araşdırma

2017/04/23 01:07

	“Yehova şahidləri” Qərb üçün hibrid müharibə alətidir... - Araşdırma
Rusiyada fəaliyyətəi yasaqlanmış sekta rəhbərliyi bir daha Azərbaycana üz tutub...
 
Amma “Yehova şahidləri”nin  ölkəmizdə on illərdir ki, fəaliyyət göstərən üzvləri Qarabağda əllərinə silah alıb erməni təcavüzkarlarına qarşı savaşmaqdan imtina edirlər...
 
Xəbər verildiyi kimi, Rusiya Ali məhkəməsi  “Yehova şahidləri”nin Rusiyadakı idarəetmə mərkəzinin fəaliyyətinin ekstremist xarakterli olması barədə qərar qəbul edərək onun fəaliyyətini yasaqlayıb. Məhkəmənin  qərarına əsasən sektanın ölkə ərazisindəki 395 şöbəsinin fəaliyyəti dayandırılacaq və onların mülkiyyəti dövlətə təhvil veriləcək. Sözü gedən dini təşkilatın ləğv olunması barədə iddia ilə məhkəməyə Rusiya Ədliyyə Nazirliyi müraciət etmişdi.
 
ABŞ və Avropa Birliyi isə Rusiya Ali Məhkəməsinin “Yehova şahidləri”ni ekstremist təşkilat adlandırması və fəaliyyətini yasaqlamasını pisləyib. ABŞ-ın Beynəlxalq Din azadlığı Komissiyası (USCIRF) bəyanatında bildirib ki, məhkəmənin addımından “məyus olub, amma təəccüblənməyib”.“Məhkəmənin qərarı, təəssüf ki, indiki Rusiyada hökumətin din azadlığına sayqısızlığını bir daha təsdiqləyir”, – USCIRF sədri Tomas J. Riz bildirib.
 
Avropa Birliyinin xarici işlər idarəsinin rəhbəri Federika Mogerininin adından aprelin 21-də yayılmış bəyanatda vurğulanır ki, bu qərar “”Yehova Şahidləri”nə qarşı adi ibadət hərəkətlərinə görə belə cinayət işi açılmasını mümkün edir”. AB bütün dini qruplar kimi, “Yehova Şahidləri”nin də sərbəst toplaşma azadlığının təmin olunmasına çağırıb.
 
Nyu Yorkda mənzillənən “Human Rights  Watch” (HRW) insan haqları qrupu məhkəmənin aprelin 20-də çıxardığı qərarı “Rusiyada din və birləşmə azadlığına dəhşətli zərbə” adlandırıb. Britaniya hökumətinin rəsmisi də bu qərardan “təlaşlandığını” dilə gətirib.  
 
Rusiyalı politoloqlar və din xadimləri isə Qərb təşkilatlarının “Yehova şahidləri”ni bu cür fəal şəkildə müdafiə etməsini onların Rusiya və ümumiyyətlə, bütün postsovet ölkələrinə qarşı məkrli fəaliyyətinin tərkib hissəsi kimi dəyərləndirib. Politoloq Aleksandr Asafovun sözlərinə görə, hansısa qeyri-ənənəvi dini sektanın “hüquqlarının tapdanması ilə” bağlı ölkələrə təzyiq etmək “qeyri-demokratiklik”də ittiham etmənin sınanmış mexanizmlərindən biridir. Bununla bərabər  Qərb təşkilatlaratları “Yehova şahidləri”ni Bibliyanı təbliğ edən bir qurum kimi təqdim etməyə çalışsalar da, bu belə deyil. Tam əksinə olaraq həmin təşkilat destruktiv bir təriqətdir... 
 
Rusiya  Pravoslav Müqəddəs Tixon Humanitar Universitetinin dosenti, protoirey Andrey Xvılya-Olinter isə bildirib ki,  artıq bir neçə onillikdir, ABŞ-da “Dünyada dinin beynəlxalq vəziyyəti haqqında” Qanun mövcuddur. Həmin qanuna əsasən  amerikanlar özləri üçün  “vicdan azadlığının pozulduğu” halda   istənilən dövlətin və ictimai birliyin  daxili işlərinə müdaxilə edə bilmək hüququ əldə ediblər. Təsadüfi deyil ki, “Yehova Şahidləri”nin  mənzil-qərargahı və hesablama mərkəzləri  Bruklində, Mərkəzi Kəşfiyyat İdarəsinin də hesablama mərkəzlərinin olduğu bir məkanda yerləşir.  “Yehova şahidləri” Qərb xüsusi xidmət orqanları tərəfindən xristianlığa qarşı təcavüz və  dövlətlər əleyhinə hibrid müharibələr aparılması aləti olan çoxsaylı təriqətlərdən biridir.
 
Pravoslav ekspert  Kiril Frolov qeyd edib ki,  Rusiya dövləti və cəmiyyəti “Yehova Şahidləri” kimi sektaların anti-bəşəri və anti-milli fəaliyyətinə çoxdan dözürdü. “Bu gün ölkədə, xüsusən Asiya hissəsində yaşayan sekta tərəfdarlarının sayı 1 milyona yaxındır. “Dini təriqətlərin qadaan olunması  Rusiya  cəmiyyətinə yad olan Qərb təbliğatı ilə mübarizədə vacib addımdır...”-deyə ekspert vurğualyıb. O bildirib ki, əgər “Yehova şahidləri” üzvləri bundan sonra gizli fəaliyyət göstərməyə cəhd etsələr, Rusiya CM-nin müvafiq maddələrinə uyğun olaraq 2 idən 6 ilədək azadlıqdan məhrum edilə bilərlər. 
Araşdırmalar göstərir ki, nəinki ənənəvi xristian dininə, eyni zamanda İslama qarşı da fəaliyyət göstərən “Yehova şahidləri” Azərbaycanda da milli və dövlətçilik ənəənələrini sarsıtmaq istiqamətində gizli işlər görür.  Deyəsən, Rusiyadan əlləri üzülən bu sekta rəhbərləri üzlərini Azərbaycana tutublar. Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb. Komitədən  mediaya verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla, eyni zamanda dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Azərbaycandakı mövcud qanunvericilik bazası da vətəndaşların bu sahədəki hüquqlarını tam şəkildə qoruyur. O, ölkəmizdə dini icmaların qanun çərçivəsində azad fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərildiyini bildirib.
Xatradaq ki,  2016-cı ilin noyabrında Moderator.az-a müsahibəsində (http://www.moderator.az/news/158275.html) DQİDK-nin sədr müavini Səyavuş Heydərov  “Yehova şahidləri”nin 2002-ci ildə qeydiyyatdan keçdiyini, lakin 2009-cu ildən sonra təkrar qeydiyyata alınmadıqlarını bildirimişdi.  Sədr müavini eyni zamanda fəaliyyətlərində bir sıra qanun pozuntularının olmasına rəğmən  bu təriqətin gələcəkdə ölkəmizdə təkrar qeydiyyata alınmasının mümkünlüyünü də dilə gətirmişdi.
 
Aktuallaıığını nəzərə alaraq Səyavuş Heydərovla müsahibənin maraqlı məqamlarını yenidən diqqətinizə çatdırırıq:”... “Yehova şahidləri” üzvləri ötən illər bir neçə dəfə  Azərbaycan qanunlarını pozan əməllər törətmişlər. Məsələn, qeydiyyatdan keçməyən ünvanlarda, bəzən küçələrdə, evlərdə təbliğatlar aparmış, qadağan edilmiş dini ədəbiyyatlar paylamışlar. Təbii ki, qanunvericiliyə uyğun olaraq belə hərəkətlərin qarşısı alınmış və hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslər məsuliyyətə cəlb edilmişlər.  Ancaq onu da deyim ki, son dövrdə Komitəmizin “Yehova şahidləri”nin istər xaricdəki, istərsə də Azərbaycandakı nümayəndələri ilə görüşləri olub. Onlarla xeyli izahedici söhbətlər aparılaraq  Azərbaycanın qanunlarına əməl etmələrinin vacib olduğu və yalnız bu halda qanuni fəaliyyət göstərə biləcəkləri diqqətlərinə çatdırılıb. Onlar da bizim iradlardan nəticə çıxaracaqlarını, öz fəaliyyətlərini Azərbaycandakı mövcud qanunvericilik bazasına söykənərək quracaqlarını və bundan sonra hər hansı bir qanun pozuntusuna yol verməyəcəklərini artıq vəd ediblər. Hazırda isə “Yehova şahidləri”nin Bakıdakı icmasının təkrar qeydiyyata alınması məsələsinə baxılması nəzərdə tutulur. 
 
Onu da vurğulayım ki, hər hansı dini icmanın qeydiyyata alınması ona əlavə səlahiyyətlər verilməsi demək deyil. Əksinə, qeydiyyata alınma həmin icmanın qanun qarşısında məsulliyyətini daha da artırır. Belə ki, təcrübə göstərir ki, qanun pozuntuları əsasən qeydiyyatı olmayan icmalar tərəfindən həyata keçirilir. Yəni, “Yehova şahidləri”ni  qeydiyyata almaqla biz onların da məsuliyyətini bir daha artırmış olacağıq...  Onların  hərbi xidmətdə silah götürməkdən, kiməsə atəş açmaqdan imtina etmək kimi prinsipləri var.  Lakin dəfələrlə onların  diqqətinə çatdırılıb ki,  Azərbaycan ərazisinin 20 faizi işğal altında olduğundan faktiki müharibə şəraitindədir. Hər an torpaqlarımızın azadlığı uğrunda savaş başlaya bilər. Yəni hər bir hərbi mükəlləfiyyətli  vətəndaş  əlinə silah götürüb ərazi bütövlüyümüz uğrunda işğalçılarla döyüşməyə hazır olmalıdır. Ona görə də hələlik alternativ xidmət barədə qanun qəbul edilməyib. Əlbəttə,  Qarabağ azad  edildikdən sonra alternativ xidmət məsələsinə də baxılacaq…
 
Bakı şəhərində “Yehova şahidləri” dini icması 2002-ci ildə dövlət qeydiyyatından keçmişdir. Düzdür, 2009-cu ildən sonrakı dövrdə yenidən dövlət qeydiyyatına alınmasa da, icmanın əvvəlki qeydiyyatı hüquqi qüvvəsini qoruyur və icma müvafiq razılıq əsasında həmin ünvanda dini fəaliyyətini davam etdirir. Lakin bu dini cərəyanın başqa bölgələrdəki özəkləri dövlət qeydiyyatından keçmədikləri üçün həmin ərazilərdə dini təbliğatın aparılmasına icazə verilmir və aidiyyəti dövlət qurumları səlahiyyətləri çərçivəsində belə qanunsuz toplantıların qarşısını alırlar...”  
 
Xatırladaq ki, aprelin 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən Bakının Qaradağ rayonu ərazisində yerləşən iki ünvana əməliyyat-baxış tədbiri keçirilib. Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Orucova Solmaz Məmməd qızına məxsus X.İsmayılov küçəsi, 5-ci massiv, ev 18 ünvanında və Ağaliyeva Sevil Babaəli qızına məxsus 1594-cü keçid, ev 24, mənzil 52 ünvanında “Yehova şahidləri” qeyri-ənənəvi dini təriqətinin üzvlərinin qanunsuz toplantı keçirdikləri aşkar edilərək qarşısı alınıb.
 
İki ünvanda 10-u azyaşlı uşaq olmaqla ümumilikdə 33 nəfər müəyyən edilib, həmin dini təriqətin təbliğini ehtiva edən çox sayda dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və müvafiq qaydada sənədləşdirilib...
 
P.S. Bütün bu deyilən faktlardan sonra və xüsusilə, Vətənimizin ərazi bütövlüyü uğrunda savaşda üzvləri əllərinə silah almaqdan imtina edə biləcək  “Yehova Şahidləri” kimi  qeyri-ənənəvi və xarici əlaqələri şübhə doğuran sektaların Azərbaycanda qeydiyyata alınması mümkün olacaqmı?..
 
Moderator.az
 



ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR